Posted by: IT Team | February 22, 2011

Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya

(9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III)A Qətnaməsi ilə qəbul olunub. 12 yanvar 1951-ci ildə qüvvəyə minilə)

Baş Assambleya soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair təqdim olunan Konvensiyanı təsdiq edir və onu imzalamaq və ratifikasiya etməyi və ya XI maddəyə müvafiq olaraq ona qoşulmağı təklif edir.

179-cu plenar iclas, 9 dekabr 1948-ci il.

Razılığa gələn Tərəflər: Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 19 dekabr 1946-cı il tarixli 96 (I) saylı qətnaməsində soyqırımın beynəlxalq hüquq normalarını pozan və Birləşmiş Millətlər Təşkilatının məqsəd və ruhuna zidd olan cinayət olduğunu və sivil dünyanın onu pislədiyini, tarix boyu soyqırımın bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu çirkin fəlakətdən xilas etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyinə əmin olduğunu nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəlirlər:

Maddə 1: Razılığa gələn Tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımın, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər.

Maddə 2: Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi  məqsədilə törədilən  aşağıdakı  hərəkətlərdən biridir:

a)bu cür qrup üzvlərinin öldürülməsi;

b)bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;

c)qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;

e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

Maddə 3: Aşağıdakı əməl cəzalandırılandır:

a)soyqırım;

b)soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə;

c)soyqırım törətməyə birbaşa və açıq təhrik;

d)soyqırım törətməyə yönəlmiş qəsd;

e)soyqırımda iştirak.

Maddə 4: Soyqırım və yaxud 3-cü maddədə sadalanmış əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır.

Maddə 5: Bu Konvensiyanın müddəalarının qüvvəyə minməsi üçün Razılığa gəlmiş Tərəflərin hər biri xüsusilə soyqırımı və yaxud 3-cü maddədə sadalanan digər əməllərin törədilməsində təqsirli bilinən şəxslərin cəzalandırılması üçün səmərəli tədbirlər nəzərdə tutan zəruri qanunvericiliyi öz konstitusion proseduruna uyğun olaraq qəbul etmək öhdəliyini götürürlər.

Maddə 6: Soyqırım və yaxud 3-cü maddədə sadalanan digər əməlləri törətmiş şəxslər bu əməlin törədildiyi dövlətin ərazisində səlahiyyətli məhkəmələr tərəfindən və ya yurisdiksiyasını Konvensiya tərəflərinin də qəbul etdiyi və bu tərəflərə şamil olunan beynəlxalq cinayət məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar.

Maddə 7: Təqsirlilərin verilməsi (ekstradisiyası) məsələsində soyqırım və yaxud 3-cü maddədə sadalanan digər əməllər siyasi cinayət kimi sayılmır.

Bu kimi hallarda Razılığa gələn Tərəflər təqsirlinin verilməsini öz qanunvericiliyinə və qüvvədə olan müqavilələrə müvafiq olaraq həyata keçirmək öhdəliyi daşıyırlar.

Maddə 8: Bu Konvensiyanın hər bir iştirakçısı soyqırım və yaxud 3-cü maddədə sadalanan digər əməllərin qarşısının alınması və aradan qaldırılması üçün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq bütün lazımi tədbirlərin görülməsi tələbi ilə Birləşmiş Millətlər Təşkilatının müvafiq orqanına müraciət edə bilər.

Maddə 9: Razılığa gələn Tərəflər arasında bu və ya digər ölkənin soyqırım və yaxud 3-cü maddədə sadalanan digər əməlləri törətməyə görə məsuliyyətinə dair mübahisələr də daxil olmaqla, bu Konvensiyanın şərhi, tətbiqi və yaxud icrası ilə bağlı mübahisələr mübahisə tərəflərindən hər hansı birinin tələbi ilə baxılması üçün Beynəlxalq Məhkəməyə verilir.

Maddə 10: Bu Konvensiyanın bərabər autentik hesab edilən ingilis, çin, ispan, fransız və rus mətnləri 9 dekabr 1948-ci il tarixdən müəyyən edilir.

Maddə 11: Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının hər hansı üzvü və yaxud Baş Assambleya tərəfindən Konvensiyanı imzalamaq üçün dəvət almış Təşkilat üzvü olmayan istənilən dövlət tərəfindən imzalanmaq üçün 31 dekabr 1949-cu il tarixədək açıq olacaqdır. Bu Konvensiya ratifikasiya olunmalıdır və ratifikasiya haqqında aktlar Birləşmış Millətlər Təşkilatının Baş Katibi yanında saxlanca qoyulur.

1 yanvar 1950-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatının istənilən üzvü və yuxarıda göstərilən dəvəti almış Təşkilatın üzvü olmayan istənilən dövlət bu Konvensiyaya qoşula bilər.

Qoşulma haqqında aktlar Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında saxlanca qoyulur.

Maddə 12: Razılığa gələn Tərəflərdən hər hansı biri istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin adına bildiriş göndərməklə xarici əlaqələrin həyata keçirilməsinə cavabdehlik daşıdığı bütün ərazilərinə və ya onların bir qisminə bu Konvensiyanı tətbiq edə bilər.

Maddə 13: Ratifikasiya və ya qoşulma haqqında ilk 20 aktın Baş Katib yanında saxlanca qoyulduğu gün Baş Katib surətləri Birləşmiş Millətlər Təşkilatının üzvü olan və XI maddədə nəzərdə tutulmuş Təşkilatın üzvü olmayan bütün dövlətlərə göndərilən Protokolu hazırlayır.

Bu Konvensiya ratifikasiya və ya qoşulma haqqında 20-ci akt saxlanca qoyulduqdan sonra doxsanıncı gün qüvvəyə minir.

Bu Konvensiyanın qüvvəyə minməsindən sonra alınmış ratifikasiya və qoşulma haqqında aktlar Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında saxlanca qoyulduqdan sonra doxsanıncı gün qüvvəyə minir.

Maddə 14: Bu Konvensiya qüvvəyə mindiyi gündən etibarən on il müddətinə qüvvədədir.

Bu Konvensiya növbəti beş illikdə о ölkələrə qarşı qüvvədə qalır ki, hansılar ki, Konvensiyanın müvafiq qüvvədə olma müddətinin bitməsinə ən azı altı ay qalmış onu denonsasiya etməmiş olsunlar.

Denonsasiya Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı bildirişin verilməsi yolu ilə həyata keçirilir.

Maddə 15: Əgər denonsasiya nəticəsində Konvensiya üzvlərinin sayı on altıdan az olarsa, Konvensiya sonuncu denonsasiyanın qüvvəyə mindiyi gün öz qüvvəsini itirir.

Maddə 16: Bu Konvensiyaya yenidən baxılması tələbi istənilən vaxt Razılığa gələn tərəflərdən hər hansı biri tərəfindən Baş Katibin adına yazılı məlumat verilməsi yolu ilə qoyula bilər.

Əgər bu cür tələb hər hansı tədbirlərin görülməsini labüd sayırsa, Baş Assambleya bu cür tələb barədə hansı tədbirlərin görülməsinin vacib olduğuna dair qərar verir.

Maddə 17: Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərini və XI maddədə nəzərdə tutulmuş Təşkilatın üzvü olmayan dövlətləri məlumatlandırır:

a)XI maddəyə müvafiq olaraq imzalama, ratifikasiya və qoşulma haqqında qəbul edilmiş bütün aktlar barədə;

b)XII maddəyə müvafiq olaraq qəbul edilmiş bütün bəyanatlar barədə;

c)XIII maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi gün barədə;

d) XIV maddəyə müvafiq olaraq qəbul edilmiş denonsasiyalar barədə;

e) XV maddəyə müvafiq olaraq Konvensiyanın ləğvi barədə;

f) XVI maddəyə müvafiq olaraq qəbul edilmiş bəyanatlar barədə.

Maddə 18: Konvensiyanın əsli Birləşmiş Millətlər Təşkilatının arxivində saxlancdadır.

Konvensiyanın təsdiq edilmiş surətləri Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və XI maddədə nəzərdə tutulmuş Təşkilatın üzvü olmayan dövlətlərə göndərilir.

Maddə 19: Bu Konvensiya qüvvəyə mindiyi gün Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən qeydiyyata alınır.

Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.Azərbaycan Respublikası Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş Konvensiyaya
qoşulsun.

2.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 31 may 1996-cı il. № 97-IQ. «Azərbaycan» qəzetində dərc edilmişdir. (25 iyun 1996-cı il, № 119) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusumda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 124)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: