Posted by: IT Team | February 22, 2011

SOYQIRIM insanlıq əleyhinə cinayətlərin ən təhlükəlisidir

1944-cü ilə qədər «soyqırım» anlayışı ictimaiyyətə bəlli olmamışdır. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos – «nəsil, kök, soy» sözü ilə latın dilindən caedo – «öldürürəm» Sözlərinin birləşməsindən «genosid» (soyqırımı) terminini təklif etdi. Bu termini təklif edən Lemkin belə əsaslandırırdı ki, soyqırımı – müəyyən insan qruplarınm mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini «bəşəriyyət əleyhinə cinayətlərdə» ittiham etdi. Tribunalın ittiham aktında «soyqırım» anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlədilmişdi.
9 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya qəbul edildi. (Bu Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir). Bununla ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırım adlandırılmaqla, Konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyuldu.
Bu Konvensiyaya görə (Maddə 2) soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir:
a)bu cür qrup üzvlərinin öldürülməsi;
b)bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;
c)qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;
d)bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;
e)bir insan qrupuna mənsub olan uşaqların zorla başqa
qrupa verilməsi.
Konvensiyanın 3-cü maddəsinə görə aşağıdakı əməllər cəzalandırılandır: a)soyqırım;
b)soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə;
c)soyqırım törətməyə birbaşa və açıq təhrik;
d)soyqırım törətməyə yönəlmiş qəsd;
e)soyqırımda iştirak.
Hazırkı dövrə qədər müxtəlif ölkələrdə bəşəriyyət əleyhinə törədilmiş bir neçə cinayət beynəlxalq aləm tərəfindən soyqırım kimi qəbul edilib. Faşistlərin Avropada törətdiyi məlum əməllər Nürnberq Tribunalının hökmü ilə soyqırım kimi qiymətləndirilməsə də bəşəriyyət əleyhinə cinayət hesab edilmişdir (həmin dövrdə «soyqırım» hüquqi termin kimi işlədilmirdi). Keçmiş Yuqoslaviyanın ərazisində olan Bosniya münaqişəsi zamanı (1992-1995) kiçik Srebrenisa şəhərciyində serb qoşunları tərəfindən 7800 bosniyalı kişilərin və oğlan uşaqlarının öldürülməsi bəşəriyyət əleyhinə ağır hərbi cinayət olmaqla soyqırım kimi qiymətləndirildi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə Haaqada keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal yaradıldı. Tribunalın yurisdiksiyası keçmiş Yuqoslaviyanın ərazisi ilə məhdudlaşırdı. 1994-cü ilin oktyabr ayında BMT-nin Təhlükəsizlik Şurası Ruandada Tutsi xalqının 800 min əhalisinin öldürülməsi ilə (1994-cü ilin aprel-iyul ayları ərzində) əlaqədar Beynəlxalq Tribunalın yaradılmasına qərar verdi. Hərbi Tribunal Tanzaniyanın Aruşa şəhərində yerləşirdi. 2 sentyabr 1998-ci ildə tarixdə ilk dəfə olaraq soyqırım cinayəti törətməkdə ittiham edilərək Taba kommunasının meri postunda fəaliyyət göstərmiş Jan-Pol Akayesunun barəsində hökm çıxarıldı. Bu Tribunallar və Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti ilə öz yurisdiksiyaları çərçivəsində cinayətləri araşdırmasına və məhkəmə prescdenti yaratmalarına baxmayaraq, soyqırım cinayətinin müəyyən edilməsi və bu cinayəti törətmiş şəxsləri məhkum etmək praktiki cəhətdən hələ də çətinliklərlə qarşılaşır. Bundan da mürəkkəb məsələ isə soyqırım cinayətinin qarşısının alınmasıdır. Beynəlxalq aləmin səylərinə baxmayaraq, bu gün də soyqırım cinayətini törədən şəxslərin cəzalandırılması və soyqırımın qarşısının alınması çətin və mürəkkəb bir prosesdir.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş BMT-nin «Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında» Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmışdır. Qanun 25 iyun 1996-cı ildə «Azərbaycan» qəzetində dərc edilməklə qüvvəyə minmişdir.
Konvensiyanın müddəalarının icra edilməsi üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə «Soyqırım» (Maddə 103), «Soyqırımın törədilməsinə təhrik etmə» (Maddə 104) maddələri daxil edilmişdir.
Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırıma məruz qalan az sayda xalqları sırasında Azərbaycan xalqı da var. XIX əsrdən başlayaraq, şovinist imperiyaların himayəçiliyi ilə ermənilər tərəfindən azərbaycanlılara və Azərbaycana qarşı törədilən hərəkətlər məhz soyqırım kimi qiymətləndirilməlidir. Azərbaycanın və azərbaycanlıların üzləşdiyi bu faciələr ilk dəfə Heydər Əliyev tərəfindən imzalanmış 26 mart 1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə siyasi qiymətini aldı. Fərmanda qeyd olunur: «…Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir…»
Beləliklə, ilk dəfə Heydər Əliyevin Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasını təsdiqləyən faktlardan biri də 26 fevral 1992-ci ildə ermənilərin törətdiyi Xocalı faciəsidir. Həmin gün cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin – köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, кörpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.
Bu faciənin də Azərbaycanlıların soyqırımın tərkib hissəsi olmaqla acı nəticələri, illər keçməsinə baxmayaraq, hələ də öz təsirini göstərir. Bütövlükdə isə, 1988-ci ildən ermənilərin Dağlıq Qarabağda başladığı növbəti avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Xalqımız ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu davam etdirdiyi soyqırımı unutmur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Hesab edirik ki, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir.
Bu mənada hazırkı nəşri də belə tədbirlərdən biri kimi əhəmiyyətli şəkildə qiymətləndirmək olar. Azərbaycanlılara qarşı soyqırımın acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində siyasi və sosial tədbirlərə həm də hüquqi dəstək verilməsi baxımından bu kitabın nəşri və yayılması əhəmiyyətli addımdır. Bu nəşrdə soyqırıma dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar və digər sənədlər toplanmışdır. Ümid edirik ki, bu cür təşəbbüslər hüquqşünaslarımız tərəfindən dəstəklənəcək və davam etdiriləcəkdir. Çünki bu, hər bir azərbaycanlını düşündürən və düşündürməli olan ümummilli məsəbdir. Həmçinin, nəzərə almaq lazımdır ki, soyqırım – hansı milli, etnik, irqi, dini insan qrupuna yönəlməsindən asılı olmayaraq, insanlıq əleyhinə olan cinayətdir. Cinayətə qarşı mübarizə aparmaq isə hər bir bəşər övladının borcudur.
Şahin Rüstəmov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin əvəzi 3-cü dərəcə dövlət müşaviri.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: