Posted by: IT Team | February 15, 2011

XOCALI SOYQIRIMI

1992-ci il fevralın birinci yarısınadək ermənilər Şuşa-Xocalı yolu və Şuşanın ətrafındakı yaşayış məntəqələrini ələ keçirdilər. Xocalı şəhəri tam mühasirəyə alındı, həmçinin hava nəqliyyatı vasitəsi ilə əlaqələr də kəsildi. Düşmənin zenit-raket kompleksləri və zenit artilleriyası vertolyotların Xocalıya uçuşlar etməsinə imkan vermirdi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə hücuma кеçərək Xocalı şəhərini və yaxınlıqda yerləşən aeroportu zəbt etdilər. Erməni silahlı dəstələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətdilər. Xocalı Dağlıq Qarabağda yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri idi. Bu qəsəbə Ağdam-Şuşa və Xankəndi-Əsgəran yolu üzərində strateji əhəmiyyətli mövqeyə malik idi. Xocalının əhalisi 1991-ci ildə 7 min nəfər idi, burada Ermənistandan, Xankəndindən və Dağlıq Qarabağın digər yerlərindən qovulmuş Azərbaycan türkləri, həmçinin Özbəkistandan çıxarılmış məhsəti türkləri də məskunlaşmışdılar. Ermənilər Xocalıya hücum zamanı “yandırılmış torpaq” taktikasını yeritdilər. Hücumdan əvvəl bir neçə saat ərzində qəsəbə toplar və zirehli texnikadan fasiləsiz atəşə tutuldu və xarabalığa çevrildi. Həmin dövrdə Ermənistanın prezidenti L.Ter-Petrosyan erməni ordusuna müraciətlə deyirdi: “Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”. Sonralar əsir götürülmüş erməni əsgərlərinin dedikləri bu vəhşi xəttin həyata keçirildiyini təsdiq edir. Mixail Qazaryan (Hadrut rayonunun sakini) bildirirdi ki, “Əlbəttə, mən müharibəyə getdiyimi başa düşürdüm, ancaq uşaqlara atəş açacağımı va hətta öldürəcəyimi ağlıma da gətirməzdim”. Aşot Barxudaryan (Mehri rayonunun sakini) isə göstərirdi ki, “adamlar qışqırır, ağlayırdılar, bizim yaralıları  çıxarırdılar, azərbaycanlılar isə yolun ortasında qalmışdılar, tanklar, zirehli texnika, yük maşınları onların üzərindən keçib gedirdilər”. Rantik Mirzoyan (İrəvan şəhərinin sakini) isə belə xatırlayırdı: “Və burada mən bizimkilərin törətdikləri vəhşilikləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Meyidlərin iyi hər yanı bürümüşdü. Hər yerdə meyidlər tökülüb qalmışdı”. Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində bildirirdi: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq. Məhz bu baş verdi”. Xocalının sağ qalmış sakinləri isə hadisələri xatırlamaqdan da dəhşətə gəlirlər. Sənubər Ələkbərova danışır ki, “meyidlərdən böyük bir dağ əmələ gəlmişdi, anamı güllələdilər, qızlarım Sevinc və Hicranı yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər”. Cəmil Məmmədov belə xatırlayır ki, “mən 5 yaşlı nəvəmi və 14 min manat pulu götürərək meşəyə tərəf qaçdım, səhər başa düşdüm ki, uşaq soyuğa dözməyəcək, ona görə yaxınlıqdakı Naxçivanik kəndinə getdim, orada ermənilər bizi əsir götürdülər, orada mənim dırnaqlarımı çıxardılar, təpiklə sifətimə zərbələr endirdilər, nəvəmi əlimdən aldılar, bu günə qədər onun taleyi haqda heç bir məlumatım yoxdur”. Səriyyə Talıbova isə daha dəhşətli hadisələrin şahidi olmuşdu: “Bizi erməni qəbiristanlığına gətirdilər…. Burada erməni döyüşçünün qəbri üstündə 4 məshəti türkünü və 3 azərbaycanlını qurban kəsdilər… Sonra valideynlərin gözləri qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər… Az sonra milli ordunun formasında 2 azərbaycanlını gətirdilər, ucu iti dəmirlə onların gözlərini çıxardılar”. On bir yaşlı Ramil Həsənov xatırlayır ki, “dostlarım Elçin və Elgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular”.

Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya birliyində yer yoxdur. Dünya bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir. Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, о cümlədən 76 uşaq aldıqları yaralardan əlil olmuşlar, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş,1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə də yalnız 335 nəfərin meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda saxlanılırlar. Xocalı üzərinə hücuma mayor Seyran Ohanyan (hazırda o,  Ermənistanın  Müdafiə naziridir), Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni əsilli 50-dən artıq zabit və praporşik rəhbərlik etmişlər. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyid (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür, meyidlərin əksəriyyətinin baş dəriləri soyulmuşdur, burunları,  qulaqları  və digər orqanları kəsilmişdir.

Ermənilər Xocalı üzərinə hərbi əməliyyat keçirmək məqsədilə hücum etməmişdilər. Onların məqsədi dinc əhaliyə divan tutmaqdan ibarət idi. Onlar yaxşı bilirdilər ki, Xocalıda ciddi hərbi qüvvə yoxdur. Şəhərin az saylı müdafiəçiləri XTM dəstəsinin bir bölüyü, yerli özünümüdafiə taburu və minomyot batareyasından ibarət idi. Əlif Hacıyevin rəhbərlik etdiyi bu qüvvələr axıra qədər müqavimət göstərdilər, lakin düşmənin dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldular.

Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Çünki soyqırımın bütün obyektiv cəhətlərinə Xocalıda rast gəlmək mümkündür.

Soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi məqsədilə hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir:

  • Bu qrupların üzvlərinin öldürülməsi;
  • Onların sağlamlığına ağır zərər yetirilməsi;
  • Uşaqların doğulmasına zorakı əngəllər yaradılması;
  • Bir   qrupa mənsub olan uşaqların  zorla  başqa qrupa keçirilməsi;
  • Zorla köçürmə;
  • Qrupun məhv edilməsinə yönələn şəraitin yaradılması. Soyqırım cinayəti ilk dəfə olaraq 1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A (III) saylı   qətnaməsi ilə beynəlxalq hüquqi status almışdır.

Bununla yanaşı Xocalı hadisələrinə soyqırım kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq normaları və müqavilələr mövcuddur:

Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (burada soyqırımı təşkil edən hərəkətlər bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).

Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi.

Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi.

Beynəlxalq Cinayət Məhkəməsinin statusunun 6-cı maddəsi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.

Bütün bunları nəzərə alaraq ”Soyqırım” hüquqi norması cinayət kimi  beynəlxalq  hüquqa  əsasən  aşağıdakı   hüquqi nəticələri doğurur:

a)   Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.

b)   Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım   törədilməsi məqsədi ilə sui-qəsd, soyqırım törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.

c)         Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.

d)         Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir.

e)         Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.

f)          Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.

g)         Soyqırım cinayətinə münasibətdə qanunun retroatik tətbiqinə yol verilir.

h) Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidir.

Beləliklə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur.

Bunları nəzərə alaraq bütün dəlilləri Azərbaycan dövləti Beynəlxalq Məhkəməyə təqdim etməlidir.

Beynəlxalq məhkəmə isə öz növbəsində:

  • Xocalı qətliamını soyqırım kimi tanımalı
  • Gətirilən bütün sübutlu faktlar nəticəsində xüsusi qətnamə əsasında  bu işlə   məşğul olan tribunal yaratmalıdır ki, soyqırım törədən şəxsləri layiqincə   cəzalandırsın. Bu mümkün olmazsa Beynəlxalq Tribunal və milli məhkəmə tərəfindən paralel yurisdiksiya qaydalarına uyğun olaraq soyqırımda təqsirli bilinənləri mühakimə etməlidir.

Tarixin bu səhifəsində beynəlxalq hüququn ümumtanınmış normaları ilə qorunan İnsan hüquq və azadlıqları kobudcasına pozulmuşdur. Ermənilərin Xocalıda   azərbaycanlılara  qarşı törətdikləri vəhşiliklər birbaşa olaraq beynəlxalq hüquqa ziddir.

Xocalıda baş verən hadisələrdə azərbaycanlıların təbii hüquqları – xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş və tapdanmışdır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948-ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, “İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ermənilər tərəfindən ciddi şəkildə pozulmuşdur.

Bu hüquqları özündə cəmləşdirən normativ aktların maddələrində göstərilən    hüquqlar Xocalı soyqırımında ermənilər tərəfindən tapdanmışdır. 1948-ci il 10 dekabrda elan olunan BMT-nin Baş Məclisinin İnsan hüquqlarının Ümumi Bəyannaməsinin aşağıdakı maddələri pozulmuşdur:

a) maddə 2: Hər bir şəxs dilindən, dinindən milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

b)    maddə 3: Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

c)    maddə 5: İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

d)    maddə 9: Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

e)   maddə 17: Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır. İnsan hüquqlarının Ümumi Bəyannaməsi ilə yanaşı BMT Baş Məclisinin 2200A(XXI) saylı 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilən və 1976-cı il 23 martda qüvvəyə minən BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın da insan hüquqlarını qoruyan maddələri pozulmuşdur:

a) maddə 6: Yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kəs özbaşına həyatdan məhrum edilə bilməz.

b) maddə 7: Heç kəs qəddar, insanlıqdan kənar işgəncələrə, yaxud onun ləyaqətini alçaldan davranışa, yaxud cəzaya məruz qalmamalıdır. О cümlədən, heç bir şəxs üzərində onun azad razılığı olmadan tibbi yaxud elmi təcrübə aparıla bilməz.

c) maddə 8: Heç kəs köləlikdə saxlana bilməz. Köləlik və qul etmənin bütün növləri qadağandır.

d) maddə 9: Hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq prosedurlara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.

Xocalıda  ölən  insanların, əlil olanların, əsir  götürülüb işgəncə verilənlərin hüquqları pozulmayıbmı?

Bəli kobudcasına pozulub, 1992-ci il 26 fevral tarixində Xocalıda yaşayan Azərbaycan əhalisi ermənilər tərəfindən bu hüquqlardan məhrum edilmiş və ölüm və zorakılığa məruz qalmışlar. Bütün bu faktları nəzərə alaraq Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə BMT İnsan hüquqları Komitəsinə müraciət etməlidir.

Bütün bunlarla yanaşı Xocalıda baş verən soyqırım aktında “İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının da maddələri pozulmuşdur:

a) maddə 2: Hər bir insanın həyat huququ qanunla mühafizə olunur. Cəzalandırılması qanunla nəzərdə tutulmuş cinayətin törədilməsinə görə məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından başqa, heç kəs qəsdən həyatdan məhrum edilə bilməz.

b)    maddə 3: Heç kəs işgəncələrə, qeyri-insani rəftara və ya ləyaqətini alçaldan cəzaya məruz qalmamalıdır.

c)    maddə 4: Heç kəs köləlikdə və ya məcburi vəziyyətdə saxlanılmamalıdır.

d)    maddə 5: Нər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

e)    maddə 8: Нər bir insan, onun şəxsi və ailə həyatına hörmət edilməsi, mənzil toxunulmazlığı və yazışma sirri hüququna malikdir.

Xocalıda 613 nəfərin ölümü, 1000-dən çox adamın yaralanıb əlil olması, 1500-ə yaxın insanın əsir alınıb işgəncə verilməsi faktları bir mənalı şəkildə konvensiyanın sözü gedən maddələrinə ziddir. Bunu nəzərə alaraq Azərbaycan dövləti İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməli və bu hüquqları pozan ermənilərin cəzalanmasını tələb etməlidir.

Bu gün bizim başımıza gələn bu faciə sabah istənilən bir xalqın başına gələ bilər. Çünki Ermənistan hələ də mövcuddur və öz terrorçuluq ideyalarını yaymaqla məşğuldur. Xristian dövlətləri erməni terrorunun törətdiyi dəhşətləri və bu terrorun qurbanlarını unudub QONDARMA “Erməni Soyqırımını” yavaş-yavaş tanımağa başladılar. Bəşəriyyət erməninin TERRORÇU olduğunu unutmamalıdır.

Tarix heç nəyi unutmur.

Xocalı soyqırımının kiçik yaşlı qurbanları:

– Orucova Xatirə Əli qızının (8 yaşında) çiyni, döş qəfəsi, ağ ciyəri, qabırğası güllə yarası ilə sındırılıb. Möcüzə nəticəsində sağ qalıbdır.

–  Abdullayeva Vüsalə İlham qızının (4 yaşında) meşədə don vurduğuna görə hər iki ayaqlarının barmaqları kəsilib.

–  Abışova Çinarə Nazim qızı (10 yaşında) əsirlikdə qalmışdır, taleyi məlum deyil.

–  Ağayev Vüsal Səttar oğlu (10 yaşında) Kətik meşəsində güllə yarasından ölmüşdür, cəsədi orada qalmışdır, götürmək mümkün olmamışdır.

– Ağayarova Sevinc İsa qızı (7 yaşında) 11 yaşlı qardaşı Nəbi və 6 yaşlı qardaşı Romanla Dəhraz meşəsində qalmışlar, taleləri haqda heç bir məlumat yoxdur.

– Cəfərov Samir Tacir oğlu (5 yaşında) ermənilər tərəfindən girov götürülmüşdür, taleyi haqda heç nə məlum deyil.

–     Çobanova Nəzakət Tapdıq qızı (8 yaşında) Qara qaya yaxınlığında qətlə yetirilmişdir.

–     Ələkbərov Səxavət Təvəkkül oğlu (9 yaşında) güllə yarası ilə öldürülmüşdür.

–     Əliyev Elgiz Firdovsi oğlu (8 yaşında) 10 yaşlı qardaşı Elçinlə  birlikdə   itgin  düşmüşdür,  taleləri  haqda  məlumat yoxdur.

– Əliyev Elşən Əbil oğlu (5 yaşında) “Alazan” raketinin qəlpəsi ilə öldürülmüşdür.

–      Əliyeva Yeganə Məhərrəm qızı (yaşyarımlıq) düşmən gülləsi ilə öldürülmüşdür.

–      Əmirova Yeganə Təvəkkül qızı (6 yaşında) Qaraqaya yaxınlığında ermənilər tərəfindən qətlə yetirilmişdir.

–      Əzimov Natiq Abbasqulu oğlu (6 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir.

–      Həsənov  Elgün  Nazim  oğlu  (4  yaşında)  Naxçivanik yaxınlığında qətlə yetirilmişdir.

–      Həsənova Aygün Nazim qızı (yaşyarımında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir.

–      Hüseynova Maral Kamil qızı (6 yaşında) Naxçivanik yolunda öldürülmüşdür.

–  Xəlilova Lalə Tahir qızı (4 yaşında) Xocalını tərk edərkən qətlə yetirilmişdir.

–       Qasımova Rəsmiyyə Ağa qızı (11 yaşında) Xocalı faciəsi zamanı itgin düşmüşdür, taleyi məlum deyil.

–       Qəmbərova Esmira Səfər qızı (7 yaşında) Xocalıda qətlə yetirilmişdir.

–       Quliyev Samir Taleh oğlunu (2 yaşında) erməni zabiti tüfəngin qundağı ilə başını vurub dağıtmış və qətlə yetirilmişdir.

–       Quliyeva Nuranə Qaryağdı qızı (13 yaşında) itgin düşmüşdür, taleyi haqda heç bir məlumat yoxdur.

–  Quliyeva Rəvanə Qaryağdı qızı (16 yaşında) itgin düşmüşdür, taleyi haqda məlumat yoxdur.

–  Quliyev Şükür Qaryağdı oğlu (7 yaşında) itgin düşmüşdür, taleyi haqda məlumat yoxdur.

–  Quliyeva Sevinc Əkbər qızı (8 yaşında) qətlə yetirilmişdir.

–  Mehdiyeva Aysel Murad qızı (5 yaşında) Naxçivanik yolunda qətlə yetirilmişdir.

–  Mehdiyeva Gülmirə Murad qızı (2 yaşında) Naxçivanik yolunda qətlə yetirilmişdir.

–  Muradova Ayşən Zöhrab qızı (1 yaşında) Xocalı faciəsi ərəfəsində ermənilərin atdıqları raket qəlpəsi ilə öldürülmüşdür.

–  Nəbiyeva Maral Kamil qızı (8 yaşında) Xocalının həndəvərində qətlə yetirilmişdir.

–     Orucova Xəyalə Telman qızı (6 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir.

–     Orucova Natəvan Nəbi qızı (2 yaşında) qətlə yetirilmişdir.

–   Səfiyev Sarvan Elxan oğlu  (1 yaşında) Naxçivanik meşəsində soyuqdan donub ölmüşdür.

–        Şükürova Əntiqə Vaqif qızı (1 yaşında) Xocalı yaxınlığında qətlə yetirilmişdir.

–        Vəliyev Ağasif Zakir oğlu (6 yaşında) Naxçivanik ətrafında qətlə yetirilmişdir

–    Yusifova Natəvan Pənah qızı (5 yaşında) Xocalıda qətlə yetirilmişdir.

–    Zeynalova Aynurə Tofiq qızı (6 yaşında) meşədə qətlə yetirilmişdir.

366-cı polkun Xocalı soyqırımında iştirak etmiş zabit və praporşik heyəti:

–  Zarviqarov Yuri Yuryeviç. Polkun komandiri.

–     Çitçiyan Valeri İcakoviç. Polkun birinci batalyonunun qərargah rəisinin müavini, mayor.

–     Aqriyan Vaçaqan Qriqoryeviç.  Polkun kəşfiyyat rəisi, mayor.

–     Ohanyan Seyran Muşeqoviç. Polkun 2-ci batalyonunun komandiri, mayor.

–     Arutyunov Aleksandr Aleksandroviç. Polkun birinci batalyonunun komandiri, mayor.

–  Akopyan Nerses Qrantoviç. Rota komandiri, baş leytenant.

–  Arutyunov  Vladislav  Vladimiroviç.   Rota   komandiri, kapitan.

–   Beyleryan Armen Volodyeviç. Texnik, praporşik.

–   Ayrapetyan Vaçik Qurgenoviç. Starşina.

–   Mirzoyan Vaçik Qrantoviç. Starşina.

–  Şixanyan Andrey Artuşeviç. Batalyon komandirinin müavini.

–  Xaçaturyan. Starşina.

–   Zaxaryan. Zenit vzvodunun komandiri, praporşik.

–   Boqdasaryan Valeri. Starşina.

–   Kisebeyan Qriqori Akapoviç. Vzvod komandiri, praporşik.

–   Petrosyan Aşot. Məxfi hissənin rəisi, praporşik.

–  Nabokix Yevqeni. 3-cü batalyonun komandiri (arvadı erməni idi).

–  Lixodey İqor İvanoviç. Artilleriya bölməsinin komandiri.

–  Kuznetsov Andrey. Kimyəvi müdafiə rotasının komandiri.

–  Qarmaş Viktor. Tank rotasının komandiri, baş leytenant.

Və digərləri.

– İstintaq materiallarında göstərilir ki, Kərkicahan və Malıbəyli kəndlərinə hücum edən erməni silahlılarına 2-ci batalyonun komandiri Seyran Ohanyan rəhbərlik etmişdir. Xocalıya hücum isə 3-cü batalyonun komandiri Yevgeni Nabokix və 2-ci batalyonun komandiri Seyran Ohanyanın  rəhbərliyi ilə həyata keçirilmişdir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: