Posted by: IT Team | February 13, 2011

XOCALI SOYQIRIMI BEYNƏLXALQ CİNAYƏTDİR

Beynəlxalq cinayət ayrı-ayrı dövlətlərin hüquq və qanun mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud və kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” və “beynəlxalq xarakterli cinayət” kateqoriyaları fərqləndirilir. Soyqırım cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri ikinci dünya müharibəsindən sonra yaradılmış Beynəlxalq Hərbi tribunalların (Nümberq və Tokio) nizamnaməsində ifadə olunmuşdur.

XOCALI SOYQIRIMININ BEYNƏLXALQ CİNAYƏT KİMİ HÜQUQİ ƏSASLARI

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslar aşağıdakılar hesab olunmalıdır:

1.   BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir);

2.   Nümberq Hərbi Tribunallarının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırım cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əmələr insanlıq   əleyhinə  cinayətlər   və   müharibə   cinayətləri   kimi   nəzərdə tutulmuşdur);

3.   Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə 7. 4);

  1. Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə. 1);
  2. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad.6);
  3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad.103);
  4. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı
    haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.

XOCALI SOYQIRIMININ BEYNƏLXALQ HÜQUQİ NƏTİCƏLƏRİ

Beynəlxalq hüquq soyqırım cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir;

1. Soyqırım   cinayəti   törətmiş   şəxslərin   cinayət   mühakiməsi   və əzalandırılması labüddür.

2. Soyqırım cinayətinin təkcə icraçıları deyil, soyqırım törətməyə sui-qəsd, soyqırıma birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımda iştirak etmək də cinayət məsuliyyəti doğurur.

3. Soyqırım cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.

4. Soyqırım cinayətini törətməkdə əmrin icrası  istinad  edilən şəxsi cinayət məsuliyyətindən azad etmir.

5. Soyqırım cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır.

6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinə cəlb etmə müddətləri tətbiq edilmir.

7. Soyqırım cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.

8. Soyqırım  cinayətini  törətmiş  şəxslər  cinayət  məsuliyyətinə  cəlb olunmaq üçün tələb edən dövlətə verilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş bir sıra cinayətlər onların törədildiyi dövrdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini tapmışdı. Lakin bu, heç də həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünki yuxarıda qeyd olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa artıq Beynəlxalq Birlik tərəfindən qəbul edilmiş və beynəlxalq hüququn adət norması kimi fəaliyyət göstərir. Ona görə də azərbaycanlılara münasibətdə törədilmiş vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə müvafiq olaraq beynəlxalq cinayət kimi tanınmış və həmin cinayət əməllərinə görə heç nə həmin cinayəti törətmiş şəxsləri cinayət məsuliyyətindən azad edə bilməz.

Məhz elə buna görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmiş şəxslərin tələb olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara söykənərək soyqırım cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin axtarılıb tapılması, tələb olunması və mühakimə edilməsi istiqamətində iş aparılmalıdır.

İkinci Dünya müharibəsi zamanı törədilmiş Xatın faciəsi, Xoloost qırğını, Xirosima və Naqasaki fəlakətlərini, eləcə də bir sıra digər dəhşətli hadisələri Xocalı faciəsi ilə müqayisə etmək üçün, əvvəlcə bu hadisənin şahidi olmuş Fransız jurnalisti Can iv Cuistin yazdıqlarına diqqəti cəlb etmək istəyirəm: “Mən qəddarlıq haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər.

Leonid Kravets – hərbi təyyarəçi, mayor: “Fevralın 26-da mən Stepanakertdən yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırdım. Aşağıda gözümə nəsə tünd ləkələr dəydi. Birdən bortmexanik qışqırdı: “Baxın, orada qadınlar, uşaqlar gör nə günə düşüblər”. Gözəyarı saydıq. Yoxuşa səpələşmiş iki yüzə yaxın meyitin arasında əlisilahlılar gəzişirdilər. Təcili ora uçduq və meyitləri götürməyə cəhd etdik. Hər yana səpələnmiş qadın, qoca, uşaq meyitləri adamı sarsıdırdı. Yerli milis kapitanı da bizimlə idi. Meyitlərin arasında başı yarılmış dörd yaşlı oğlunu görəndə dəli oldu… Bizi atəşə tutmamışdan imkan tapıb bir neçə meyiti götürə bildik”.

Daud Xeyriyan – Xocalı faciəsinin şahidi olan erməni yazır: “Martın 2-də erməni “Qaflan” qrupu 100-dən artıq azərbaycanlı meyitini yığaraq Xocalının təxminən bir kilometr qərbində yandırdı. Sonuncu maşında alnından və əllərindən yaralanmış təqribən on yaşlı qız gördüm; aclığa, soyuğa, aldığı yaralara baxmayaraq sir-sifəti gömgöy göyərmiş bu qız uşağı hələ sağ idi. Güclə nəfəs alırdı. Tiqranyan adlı bir əsgər hərəkətəsiz qalan bu qızı götürüb meyitlərin üstünə tulladı, sonra onlara od vurdular”.

V. Belıx – “İzvestiya” qəzetinin müxbiri: “Vaxtaşırı Ağdama diri girovlarla dəyişdirilmiş azərbaycanlıların meyitləri gətirilir. Belə şeyi dəhşətli yuxuda da görmək mümkün deyil, deşilmiş gözlər, kəsilmiş başlar, qulaqlar, doğram-doğram olmuş bədənlər kəndirlə bir-birinə sarınaraq zirehli maşının arxasında sürüklənmiş çıl-çılpaq meyitlər, vəhşiliyin həddi-hüdudu yoxdur”.

Vladimir Savelyev – 02270 saylı hərbi hissədə əks kəşfiyyatın rəisi: Onun “məxfi-arayış”ında deyilir ki, azərbaycanlı meyitləri qalaqlanan çalarların ətrafında axşamlar itlərin və çaqqalların səs-küyündən, dartışmalarından qulaq tutulur, adam vahimələnirdi.

Karabelnikov İ – rus zabiti: “Birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan 13 nəfərlik Babayevlər ailəsini güllədən keçirib. Buna görə ona Fransa erməni diasporu tərəfindən 150 min dollar pul və ən böyük təltif sayılan “Kilsə mükafatı” verilib”.
Xocalı soyqırımı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Erməni qəsbkarlarının vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirməli, insanlığa qarşı törədilən bu cinayət öz layiqli qiymətini almalıdır.

ABŞ Konqresində İndiana Ştatının təmsilçisi, Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, konqresmen Den Bartonun Nümayəndələr Palatasında çıxış edərək, Konqresi Xocalı soyqırımını tanımağa çağırması artıq Amerika ictimaiyyətinin də erməni vəhşiliklərindən xəbərdar olması və insan hüquqlarının kobudcasına pozulması ilə müşayiət olunan qəddarlığa son qoyulması istəyindən xəbər verir.

Konqresmen Xocalı şəhərində ermənilər tərəfindən insanlığa xas olmayan qəddarlıqla qadın, uşaq və yaşlıların qətlə yetirilməsi, cəsədlərin belə təhqir olunması faktlarını həmkarlarının diqqətinə çatdırmış, daha sonra ABŞ Konqresinin Xocalı soyqırımını tanımaqla beynəlxalq ictimaiyyətin uzun illərdən bəri bu məsələ ilə bağlı sükut buzunu qıracağına əmin olduğunu qeyd etmişdir.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır.

Bir daha böyük ümidlərlə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və dünya xalqlarına müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, qaçqına və məcburi köçkünə çevrilmiş yüz minlərlə soydaşımızın öz yurdlarına dönəcəyinə,  onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanırıq.

Ümid edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb ediləcək, işğalçı Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaqdır.

BMT-nin və Avropa Şurasının üzvü olan Azərbaycan yeni minilliyə qədəm qoymuş, vətəndaş cəmiyyətinin, vətəndaş hüquqlarının dolğun təminatına yönəlmiş, demokratik inkişaf yolunu seçmiş, beynəlxalq konvensiyalara və qanunlara riayət edən nüfuzlu qurumlara hörmətlə yanaşan hüquqi, sivil dövlətdir. Həmin qurumlar tərəfindən isə ölkələrlə münasibətdə ayrı-seçkiliyə, ikili standartlara yol vehlməməlidir.

Cənab prezident İlham Əliyev tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədildiyini, yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, öz torpaqlarından deportasiya olunduğunu dünya ölkələrinin diqqətinə çatdırmışdır. O, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının ölkəmizə qarşı ermənilər tərəfindən aparılan çirkin siyasətin davamı, əsl genosid aktı olduğunu söyləmişdir.

Ermənilər azərbaycanlılara qarşı Azərbaycan ərazisində zaman-zaman dəhşətli soyqırımlar, qətllər törədiblər. Lakin onlar tarixi saxtalaşdıraraq bunu erməni soyqırımı kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Bu dəhşətləri həyata keçirən ermənilər nəinki özlərinin törətdikləri qanlı cinayətləri uzun müddət ört-basdır edə biliblər. Tamamilə əks mövqedən çıxış edərək guya özlərinin soyqırıma məruz qaldıqlarını iddia edirlər, hətta bəzi hallarda bir sıra ölkələrdə müxtəlif səbəblər üzündən tarixi saxtalaşdırmağa, əsl həqiqəti gizlətməyə nail ola biliblər. Aşkar edilmiş Quba məzarlığı ilə bağlı erməni qəddarlığını sübut edən faktları bütün dünya ölkələrinin parlamentlərinə, xüsusilə erməni təbliğatına uyaraq erməni soyqırımı barədə qərarlar qəbul etmiş dövlətlərə göndərmək lazımdır. Bunun əsasında biz bütün dünyaya erməni soyqırımının uydurma olduğunu sübut etməliyik. Erməni xəyanətinə, saxtakarlığına, yalanına qarşı mübarizəni gücləndirməliyik. Bu iş ardıcıl, sistemli aparılmalı, bir mərkəzdən idarə olunmalıdır.
Artıq bu gün dünya əsl genosid olan Xocalı soyqırımı ilə bağlı bütün həqiqətləri təfərrüatı ilə bilməlidir. Heç nə unudulmur, heç nə yaddan çıxmır. İnsanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır. Günahsız insanları yaşamaq hüququndan məhrum edən əliqanlı canilər cavabdehlik daşımalı, öz bədxah, çirkin əməlləri üçün vicdanları, tərəqqipərvər bəşəriyyət, ədalət mühakiməsi, tarix məhkəməsi qarşısında cavab verməlidirlər.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: