Posted by: IT Team | February 12, 2011

Xocalı soyqırımı dünyanın gözü ilə

Xocalı sakinləri ilə görüşən jurnalistlər.

Vaşinqton Post, 28 Fevral 1992

AZƏRBAYCAN ŞƏHƏRLƏRİNDƏ DƏFN OLUNMUŞ DAĞLIQ QARABAĞ ŞƏHİDLƏRİ – QAÇQINLAR ERMƏNİ HÜCUMLARI ZAMANI YÜZLƏRLƏ İNSANIN ÖLDÜRÜLDÜYÜNÜ DEYİR

Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 Fevral

Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər.

Anklavın paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər.

Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır.

Bugün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir.

Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür.

Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onları “müsəlman olduqları üçün” döyürdülər.

Fərarilər bildirdi ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdi ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: “Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü və atəş açmağa başladılar. On iki nəfər öldürüldü”.

* * *

İndependent, 29 Fevral 1992

Elen Vomak

Ağdamdakı RÖYTER müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zaımını öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız”.

* * *

Sandey Tayms, 1 Mart 1992
ERMƏNİ ƏSGƏRLƏRİ YÜZLƏRLƏ QAÇQIN AİLƏNİ QIRIR
Tomas QOLTS, Ağdam, Azərbaycan

Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkədə minlərlə insan itkin düşmüş və ölmüşdür.

İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: “Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları dorğamağa başladılar”. Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.

Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb.

Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi.

Sağ qalanların dediyinə görə daha 2000 adam, hansılar ki, ayrı qaçmışdı, hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan yaxud da aldıqları yaralardan ölüblər.

Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı.

Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir.

Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan şəhərin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı və bir nəfər öldü.

* * *

Tayms, 2 Mart 1992
QARABAĞDA CƏNAZƏ TƏPƏLƏRİ

Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub.

Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi.

Azərbaycanlılar iddia edir ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000-nəfər yaralanmış, donub ölmüş, yaxud itgin düşmüşdür.

Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi.

Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.

* * *

Vaşinqton Post, 2 Mart 1992
ERMƏNİ BASQINLARI AZƏRİLƏRİN ÖLÜMÜ VƏ QAÇQIN DÜŞMƏSİ İLƏ NƏTİCƏLƏNİR

Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.

* * *

Nyu-York Tayms, 3 Mart 1992
ERMƏNİLƏRİN TÖRƏTDİYİ QIRĞIN

Ağdam, Azərbaycan, 2 Mart (Röyters) – Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülkü vətəndaşlara qarşı törətdiyi soyqırım haqqında bu gün yeni bir sübut əldə olunmuşdur.

Vertalyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.

İnsanların başlarının dərisi soyulmuşdur Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəşov dedi: “Qadınların və uşaqların başlarının dərisi soyulmuşdu. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləborana tutdular”.

Meyitlərin yük maşınları ilə daşınması Röyterin fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: “Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.

* * *

Tayms, 3 Mart 1992
İŞIQLANDIRILMAMIŞ SOYQIRIM
Anatol LİVEN

Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının Azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itgin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi.

Burada 31 meyit var idi. Ən azı daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darma-dağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər də istisna olunur.

Soyqırım zamanı sağ qalan Zahid Cabbarov dedi: “Biz olduğumuz yerdə 200 nəfər öldürüldü”. Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləborana tutulduqlarını və yol boyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi.

Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar əliuşaqlı idi.

Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.

* * *

BBS1 Morninq Nyus, saat 07.37, Çərşənbə Axşamı, 3 Mart 1992 Canlı yayımda olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.

BBS1 Morninq Nyus, saat 08. 12, Çərşənbə Axşamı, 3 Mart 1992 Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.

* * *

Vaşinqton Tayms, 3 Mart 1992
VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR
Brayn KİLLEN, Ağdam, Azərbaycan

Dağlıq Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur.

Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb.

Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı.

Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq “Telman!” deyə qışqırırdı. Cənazə arxası üstə uzanmış və sağ əli havada donmuşdu.

Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertalyotla qısa səfərdən qayıdanlar dedi ki, onlar da oxşar mənzərənin şahidi olublar, ancaq həcmcə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik sahədə 30 meyit saymışdır.

Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir.

Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu.

Cənab Fərəcov bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nişanladığı yerə enən və Mİ-24 vertolyotlarının müşaiyət etdiyi vertolyot erməni hərbçiləri gülləborana başlamazdan əvvəl yalnız 3 uşaq meyidini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular.

Cənab Fərəcov bildirdi ki, onlar cəmi 15 dəqiqə orada qalıblar. O, pencəyinin cibində olan qumbaraya işarə edərək dedi: “Hərbi vertalyotlar qırmızı fişənglər buraxaraq ermənilərin yaxınlaşdığını xəbər verdilər. Biz artıq çıxmalı idik. Əsir götürələcəyimiz təqdirdə mən özümü partlatmağa hazır idim”.

Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. “Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.

Ağdam məscidi insan meyitlərilə dolu idi. İnsanlar Azərbaycan prezidenti Ayaz Mütəllibova ünvanlanmış təhqirlər səsləndirir və bildirirdilər ki, o, Qarabağın azərbaycanlı əhalisini qorumaq üçün kifayət qədər çalışmamışdır.

Çöldə isə yüzlərlə insan islam duaları oxuyurdular. Onların bəziləri huşlarını itirərək öldürülmüş qohumlarının (hansılar ki, bir neçə dəqiqə bundan əvvəl gətirilmişdi) yanına yıxılırdılar.

Qarlı təpələrə səpələnmiş onlarla insan meyitini əks etdirən dəhşətli film sağ qalmış qaçqınların, qadın və uşaqlara qarşı törədilmiş soyqırım haqqında söylədiklərini təsdiq edir.

Azərbaycan televiziyası Azərbaycan şəhəri olan Ağdama bir yük maşını ilə meyit gətirildiyini göstərmişdir. Onların çoxlarının üzləri bıçaqla doğranmış, gözləri çıxarılmışdı. Balaca bir qızın qolları havaya açılı vəziyyətdə qalmışdır. O, sanki kömək diləyirdi.

Ağdam hərbi komandiri Rəşid Məmmədov İkinci Dünya Müharibəsi zamanı Nasistlərin əməllərini xatırlayaraq dedi: “Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir”

Qarabağ rəhbəri Musa Məmmədov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki Sovet hərbi bazasına zəng edərək kömək diləyirdi: “Meyitləri gətirmək və insanlara nə baş verdiyini göstərmək üçün bizə kömək edin”.

Operator və Qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, o Xocalıda və Əsgəran dərəsində onlarla meyit görüb.

* * *

Nyu York Tayms, 3 Mart 1992
ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLƏN SOYQIRIM
Ağdam, Azərbaycan, 2 Mart (Röyters)

Bu gün sonuncu sovet qoşunları Dağlıq Qarabağı tərk edir.

İtar-Tass İnformasiya Agentliyi xəbər verir ki, 366-cı Motoatıcı Alayı ərazidən çıxmağa, əslində isə müharibə edən iki etnik qrup – ermənilər və azərbəycanlılar arasındakı buferi aradan götürməyə başlamışdır.

Hər iki tərəf müdaxilə etmək üçün heç bir cəhd etməyib.

Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindədir, onun əhalisinin çox hissəsini isə ermənilər təşkil edir.

Şəhərin bombardman edilməsi

Azərbaycanın informasiya agentliyi AZERİNFORM xəbər vermişdir ki, Bazar günü gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Şuşa şəhəri ermənilər tərəfindən raket atəşinə tutulub. Vəncəli qəsəbəsinə edilmiş digər bir hücum zamanı isə bir neçə adam yaralanmışdır.

Ermənistan respublikası keçən həftə azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1000 nəfərin onun hərbçiləri tərəfindən öldürülməsini və qırğından xilas olmaq üçün qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların soyqırımını inkar edir.

Lakin bu ərazidə onlarla insan meyiti Azərbaycana bu soyqırımın törədilməsini iddia etməyə əsas verir.

Rayona vertolyotla qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər qayıdarkən özlərilə başlarının arxa hissəsi tamamilə dağıdılmış 3 uşaq meyidi gətirmişlər. Onlar bildirdi ki, ermənilərin gülləbaranı meyitlərin hamısını yığmağa onlara mane olub.

Dağlıq Qarabağın Azərbaycan rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu, biz meyidləri yığmağa başlayanda onlar bizi atəşə tutdular.

Azərbaycanlı hərbi komandir Rəşid Məmmədov dedi: “Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir”.

İki yük maşını meyitlə dolduruldu

Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. “Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.

Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiş Sovet respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birlik üzv dövlətlər olan xristian ermənilərlə müsəlman azərbəycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı.

Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusilə dəhşətli idi.

Dağlıq Qarabağın mərkzi Stepanakert şəhərində yerləşən 366-cı alay döyüşlərin mərkəzində idi və bu döyüş nəticəsində onun 3 əsgəri həlak olmuşdur. Ermənistanın paytaxtı Yerevanda parlamentdə çıxış edən prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoşunlarının anklavdan çıxarılmasını pislədi. O, bu alayın hərbi əməliyyatlarda iştirak etməydiyini, onun yalnız vəziyyəti stabilləşdirdiyini bildirmişdir.

* * *

Boston Qlob, 3 Mart 1992
Pol Kuin – Cac, Bakı, Azərbaycan

Dünən Azərbaycan erməni hərbçlərini keçən həftə kişi, qadın və uşaqları Dağlıq Qarabağdakı bir şəhərdən çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi.

Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir.

Erməni rəsmiləri bunları inkar edir.

Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiş insanların dəqiq sayını söyləməklə çətinlik çəkir. Ancaq Röytersin fotoqrafı iki yük maşının azərbaycanlıların meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə rayonun hər yerində qırğınlar törəldiyi barədə xəbər verir.

Röyters xəbər verir ki, vertolyotla bölgəyə səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər başlarından vurulmuş 3 uşaq meyiti tapıblar. Ermənilərin atəş açmağı isə onlara digər meyitləri yığmağa mane olub.

İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır.

Azərbaycan televizisiyası bazar günü Ağdam meyitxanasından qadın və uşaqlar da daxil olmaqla 10 meyit göstərmişdir. Bakının əsas televiziya stansiyasının redaktoru bildirmişdir ki, indiyə qədər 180 meyit aşkar olunub. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayda meyitlər görmüşdür. BBS xəbər vermişdir ki, Fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir ki, içərisində qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur.

Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmişdir ki, hücum zamanı 1000 adam öldürülmüş, 200-dən artıq itkin düşmüş, 300 əsir götürülmüş, 200 nəfər yaralanmışdır. Məmmədov 366-cı alayı hücuma başçılıq etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir.

* * *

Eyc, Melburn, 6 Mart 1992
Elen VOMAK, Ağdam, Azərbaycan, Çərşənbə axşamı

Şəhidlərin dəqiq sayı hələ də məlum olmasa da ötən həftə Ermənistan ordusunun Dağlıq Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı soyqırım törətdiyi ehtimal olunur.

Anklavın Azərbaycan şəhəri Ağdamla sərhəddə yerləşən Xocalı şəhərindən olan qaçqınlar fevralın 25-i gecə ermənilər tərfindən onların evlərinə edilən hücumu təsdiq edən küllü miqdarda faktlar söyləyir. Onlar bildirir ki, ermənilər onları qaçmağa məcbur etmiş və ətrafdakı meşələrdə güllələmişdir. Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük. Biz həmçinin vaqonlardan ibarət olan müvəqqəti xəstəxanalarda güllə yaraları almış qadın və uşaqları gördük.

Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycan qəsəbəsi Xocalının əhalisi təxminən 6000 nəfərdir. Ağdamın polis komandiri Rəşid Məmmədov Ağdama yalnız 500 nəfərin qaçdığını dedi. “Bəs qalanları hanı?” deyən C-b Məmmədov onların əsir götürüuldüyünü yaxud qaçdıqlarını dedi. Çoxları hələ də dağlardadır, çünki vertolyot yoxdur. O, onların bəzilərinin mənfi 10 dərəcə soyuqdan donduğunu bildirdi.

Azərilər silahlanmış erməniləri gördükdə başa düşdülər ki, özlərini müdafiə edə bilməyəcəklər və meşələrə qaçdılar. Bir neçə saatdan sonra soyqırım başlandı.

Cənab Nasir arvadının və iki uşağının əsir götürüldüyünü güman edir. Digər qaçqınlar kimi, o, da keçmiş sovet ordusunun Xocalıya hücum etməkdə ermənilərə kömək etdiyini dedi: “Bu mənim fikrim deyil, gözlərimlə gördüklərimdir”.

* * *

Nyu York Tayms, 6 Mart 1992
AZƏRBAYCANDA VİDA MƏRASİMİ

“Azərbaycanın Ağdam şəhərindəki qəbiristanlıqda ermənilərin Dağlıq Qarabağda törətdiyi soyqırım qurbanları dəfn olunan zaman onların ailə üzvləri və dostları matəm içindədir.

Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlamışdı. Cənazənin üstündə isə Quranın surəti var idi.

* * *

Vaşinqton Post, 6 Mart 1992
SON VİDALAŞMA

“Dünən azərbaycavnlıların qəbirstanlığında Dağlıq Qarabağda ermənilər tərəfindən öldürülmüş qurbanlar dəfn olunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlayıb ağlayırdı”.

* * *

Sandey Tayms, 8 Mart 1992
Tomas Qolts erməni əsgərlərinin törətdiyi soyqırım haqqında Ağdamdan ilk olaraq xəbər verir.

Xocalı qeyri-məhsuldar bir Azəri şəhəri idi. Burada mağazalar bomboş, yollar çirkli idi. Heç bir yaşıllıq isə yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoşbəxt həyatını yaşayırdı. Ötən həftə o, xəritədən silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı və onun ətrafında Sovet İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş verdiyi güman olunur.

Mən Xocalıya səfər edən sonuncu qərbli idim. Bu yanvarda baş vermişdi. Dörd uşaq anası Zümrüd bizi şəhərə gətirən vertolyotda idi. O dedi ki, camaat oturub öz ölmünü gözləyir. O və ailə üzvləri fevralın 26-da ermənilərin törətdiyi qırğının qurbanları arasında idilər.

Beş övlad atası 55 yaşlı Balakişi Saqıqov dedi: “Ermənilər uzaq kəndlərin hamısını bir-bir işğal etdilər, hökumət isə heç nə etmədi”. Onun həyat yoldaşı Dilbər isə dedi ki, indi onlar bizi buradan çıxaracaq yaxud da öldürəcəklər. Onların üç oğlu və iki qızı qırğın zamanı öldürülmüşdü.

“Biz ermənilərin mövqelərinə çox yaxın idik, amma oranı keçməli idik. Güllələr hər tərəfdən yağış kimi yağdırılırdı. Biz sadəcə tələyə düşmüşdük”. Azərbaycanlılar bir-bir qətlə yetirilirdi. Sağ qalanların söylədiklərinə görə görmədikləri halda ermənilər tərpənən hər bir şeyə atəş açırdılar.

Bir azəri operatoru ağlaya-ağlaya hər bir meyiti lentə almışdı. Onun çəkdiyi kadrlardan birində azərbaycanlıların ermənilərdən qaçaraq sığnacaq tapdığı ağaclıq göstərilmişdi. Burada insan meyitləri təpə əmələ gətirmişdi. Ağdam xəstəxanasına gətirilmiş Ömər Veysəlov dedi: “Ermənilər dayanmadan atırdılar. Mənim arvadım və qızım düz yanımda öldürüldülər”.

Hospitalın dəhlizlərində gəzən adamlar öz yaxınlarından bir xəbər axtarırdılar. Bəziləri öz qəzəbini əcnəbilərin üstünə tökürdü. Bir ana bağırırdı: “Hanı mənim qızım, hanı mənim oğlum? Zorlanıb. Öldürülüb. İtib”.

* * *

Mond, Paris, 14 Mart 1992

Ağdamda olan əcnəbi jurnalist öldürülmüş adamlar arasında başlarının dərisi soyulmuş qadın və uşaqları görüb. Onların dırnaqları çıxarılmışdı. O, bunun “Azərbaycan təbliğatı” deyil, reallıq olduğunu yazır.

* * *

Nyusuik, 16 Mart 1992
SOYQIRIMIN ÜZÜ

Paskal Priva və Stiv Lö Vən, Moskva

Ötən həftə Azərbaycan yenidən qəbirstanlığa dönmüşdü: matəm içində olan qaçqınlar və onlarla insan meyiti məscidin arxasında müvəqqəti meyitxana yaratmışdı. Onlar fevralın 25-i və 26-sı ermənilər tərəfindən darma-dağın edilmiş Xocalıdan olan sadə Azəri kişi, qadın və uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsafədən vurulmuşdu, bəzilərinin üzləri dağıdılmış, başlarının dərisi soyulmuşdu.

* * *

Taym, 16 Mart 1992 XOCALIDA QIRĞIN
Cil SMOLOU

Yuri ZARAXOVİÇ, Moskva

Mübahisələrə baxmayaraq aydın olan bir şey var: iki həftə öncə Azərbaycan şəhəri Xocalıda qəddar və vicdansız bir hadisə törədilib. İndiyədək 200 azərbaycanlı öldürülüb, çoxları iyrənc hala salınıb, ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağdan dəfn olunmaq üçün qonşu rayona gətirilib.

Azərbaycanlılar iddia edir ki, 1324 mülki vətəndaş qətlə yetirilib. Onların çoxu – qadınlar və uşaqlar barədə heç bir məlumat yoxdur…

* * *

Svoboda, 12 İyun 1992
FACİƏNİ TÖRƏDƏNLƏR CƏZALANDIRILMALIDIR

Moskvada yerləşən Memorial insan hüquqları qrupunun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması haqqında hesabatı

Hesabatda dinc əhalinin şəhərdən qaçması haqqında yazılır:

“Qaçqınlar ermənilər tərəfindən qurulmuş pusquya düşərək atəşə tutuldular. Onların bəziləri Ağdama çata bildilər: digərləri, əsasən qadınlar və uşaqlar (dəqiq sayı məlum deyil) dağlarda azmış və donub ölmüşlər. Ağdama çatanların dediklərinə görə, onların bəziləri Pircamal və Naxçıvanik kəndləri yaxınlığında əsir götürülüblər. Artıq dəyişdirilmiş Xocalı əsirlərinin dediyinə görə, əsirlərin bəziləri öldürülmüşdür… 4 gün ərzində Ağdama təxminən 200 meyit gətirilmişdir. Ağdam qatar-xəstəxanasının həkimləri bildirdi ki, 4 meyitin başlarının dərisi soyulmuş, birinin isə başı kəsilmişdi.

Ağdamda 181 cənazə (130 kişi, 51 qadın, 13 uşaq) üzərində yoxlama aparılmışdır və aşkar olunmuşdur ki, 151 nəfər güllə, 20 nəfər qəlpə yarasından və 10 nəfər küt alətlərdən aldıqları yaralardan ölmüşdür. Xocalıdan olan bütün yaralıların gətirildiyi Ağdam qatar-xəstəxanasının sənədlərində göstərilir ki, 597 nəfər yaralanmış, yaxud donmuş, bir nəfərin diri-diri başının dərisi soyulmuşdur.

* * *

İndependent, London, 12 İyun 1992
Frederik LENQAN, Röyter

Arif Sadıqov Bakıda Xəzər dənizinin sahilindəki bir kafenin kölgəliyində sakitcə oturdu və düz 3 ay bundan qabaq, Xocalı şəhərindən qaçan zaman erməni gülləsinin cırdığı şalvarını göstərdi.

51 yaşlı xarrat dedi: “Mən hələ də bu paltarları geyinirəm, çünki başqası yoxumdur. Mən 5 dəfə yaralandım, amma bəxtim gətirdi və sağ qaldım”.

Cənab Sadıqov və arvadı bir aydan çox ac və işıqsız qalıblar.

Cənab Sadıqov dedi: “Təxminən axşam saat 11-də bombardman başlandı. Biz hələ heç vaxt beləsini eşitməmişdik. 8 yaxud 9 növ silah, artilleriya, ağır pulyemotlardan istifadə olunurdu”.

Tezliklə qonşular küçələrə tökülüşdü. Bəziləri gizləndi, digərləri isə qarın içi ilə meşələrə doğru qaçmağa başladı.

Xilas olmaq üçün şəhər camaatı təxminən 15 mil məsafədə yerləşən Azərbaycan şəhəri Ağdama çatmalı idi. Sübh çağı iki Azərbaycan kəndi Naxçıvanik və Sədərək arasındakı yerə çatanadək onlar düşünürdülər ki, bunu edə biləcəklər.

Cənab Sadıqov dedi: “Buna qədər mənlə gələn qrupun heç birinə heç nə olmamışdı… sonra yolda bizi bir maşın gördü və ermənilər bizə atəş açmağa başladılar. Bizimlə olan 80 nəfərdən yalnız on nəfəri sağ qaldı. 67 yaşlı böyük qardaşım da daxil olmaqla 7 yaxın qohumum qətlə yetirildi. Mən ancaq qardaşımın papağı ilə onun gözlərini bağlamağa imkan tapdım və biz heç vaxt o meyitlərdən heç birini qaytara bilmədik”.

Cənab Sadıqov dedi ki, birinci qrupdakı qaçqınların bəzilərinin bəxti gətirdi. Evakuasiyanın qəhrəmanlarından biri Arif Hacıyev üçüncü qrupun qaçmasına kömək etmək üçün silahın darağını dəyişərkən başından aldığı güllə yarasından öldü.

Digər bir qəhrəman, Xocalının meri Elmar Məmmədov bildirdi ki, o, bir neçə nəfər ilə birlikdə fevralın 26-nı meyitlərlə əhatə olunmuş kollu təpələrdə keçirib.

Cənab Sadıqov dedi: “Biz şəhərə çatandan bir gün sonra ermənilər geniş raket hücumu həyata keçirdilər. Mən müalicə olunmaq üçün xəstəxanaya getməli idim, çox pis vəziyyətdə idim. Hətta mənim ayaqqabımın içində də güllə tapdılar”.

Qırğının qurbanları: Bir azəri qadın fevral ayında törədilmiş Xocalı qırğınında qətlə yetirilmiş oğlunu ağlayır. Qatar-xəstəxanada tibb bacıları primitiv üsullarla yaralı bir kişini xilas etməyə çalışırlar. Ağdamda insanlar qətlə yetirilmiş qohumlarının tabutu üstündə ağlayırdılar. Ölənlərin sayını müəyyən etmək mümkün deyil. Çünki müsəlmanlar ölünü 24 saat ərzində dəfn edirlər.

* * *

İndependent, London, 12 İyun 1992
AĞRILI AXTARIŞ

Azərbaycanlıların Xocalı şəhərində törədilmiş fevral soyqırımı nəticəsində təxminən 600 kişi, qadın və uşaq öldürülmüşdür.

Dövlət ittihamçısı Aydın Rəsulov 15 nəfərdən ibarət olan istintaq qrupunun rəhbəridir. Bu qrup azərbaycanlıların “Xocalı Qırğını” adlandırdıqları hadisəni araşdırmaqla məşğuldur. Cənab Rəsulov bildirdi ki, 600 nəfər ilkin axtarışlar zamanı tapılmış meyitlərdir.

Xocalı meri Elmar Məmmədov da oxşar rəqəm söylədi. May ayında isə Bakıda nəşr olunan Ordu qəzeti bu rəqəmin daha böyük olduğunu yazırdı – ölənlərdən 479 nəfərin şəxsiyyəti müəyyən olunmuş, 200-dən çoxu isə naməlumdur. Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Yunisova ölənlərin sayının 700 olduğunu dedi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndə heyətinin rəhbəri Fransua Zen Rufinin bildirdi ki, Ağdam şəhərinin müsəlman imamının ona dediyinə görə onun məscidinə Xocalıdan 580 meyit gətirilmişdi və onların çoxu dinc əhali idi. Cənab Zen Rufinin dedi ki, biz meyitləri saymadıq, ancaq bu rəqəm inandırıcıdır. Çünki biz meyitləri yumaq üçün ləvazimat verdik.

43 yaşlı hüquqşünas Cənab Rəsulov son rəqəmin söylənilməsi üçün bir neçə ay vaxt lazım olduğunu söylədi.

Cənab Rəsulov bu işləri yaxşı bilir. Uzun illər araşdırdıqdan sonra, o, 1990-cı ilin yanvarında Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğın zamanı 131 nəfərin öldürüldüyü və 714 nəfərin yaralandığı barədə qəti rəqəm söyləmişdir. Ədliyyə işçisi Rafiq Yusifov dedi ki, indiyə qədər 184 nəfər Respublikanın Ədliyə Departamenti tərəfindən tibbi müayinədən keçirilmiş və ölü kimi qeydə alınmışdır. Cənab Yusifov bu rəqəmin ölənlərin çox az hissəsinə şamil oldunduğunu bildirdi. Bizə yalnız meyitlər gətirilmişdi. Gəlin o zamanki özbaşınalığı və bizim müsəlman olduğumuzu unutmayaq. Ölü 24 saat ərzində yuyulmalı və basdırılmalıdır.

Professor Yusifov bildirdi ki, bu 184 nəfrin 51-i qadın, 13-ü isə 14 yaşından aşağı olan uşaqlar idi. 151 nəfər güllə yarasından, 20 nəfər qəlpə yarasından, 10 nəfər isə küt alətlərdən aldığı yaralardan ölmüşdür. Son üç nəfər isə qar uçqununa düşüb. 33 nəfərin qulağı, burnu, döşləri, cinsiyyət orqanları kəsilmiş və gözləri çıxarılmışdır. Cənab Rəsulov dedi ki, müayinədən keçmiş 184 meyit ölənlərin üçdə bir hissəsindən də azdır.

Vertolyotun pilotunun təsdiq etdiyi sənəddə bildirirdi ki, yerdə çoxlu sayda ölü və yaralı olduğu üçün onları dəqiq saymaq mümkün olmadı. Onların sayı Xocalıda 470-500, yollarda 650-700, Naxçıvanik kəndi ətrafında 85-100 idi.

“İnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uşaq meyiti və sağ qalmış iki yaşlı uşaq gördük. Onun anası isə ölmüşdü. Uşaq anasının qolundan tutaraq onu durquzmağa çalışırdı. Biz enməyə çalışdıq, amma ermənilərin bombardmana başlaması bizi qayıtmağa məcbur etdi”.

* * *

Kommersant, Moskva, 27 Fevral 2002

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhəri ermənilər tərəfindən kütləvi hücuma məruz qaldı.

Rusların 366-cı motoatıcı alayı hücumda iştirak etdi. Nəticədə 613 nəfər öldürüldü, 487-i nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itgin düşdü. Xocalı hadisələri münaqişənin xarakterini kökündən dəyişdi.

* * *

Human Rights Watch
Helsinki, Dekabr 1994
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN YEDDİ İLİ

Human Rights Watch təşkilatının Helsinki ofisinin hesabatında deyilir: “Etnik ermənilərin rus ordusunun 366-cı alayının dəstəyilə Xocalıda yüzlərlə dinc azərbaycanlıya qarşı törətdiyi soyqırım 1992-ci ildə müharibəni şərtləndirən ən əsas hadisələrdən biri oldu.

1992-ci ilin fevralında Qarabağdakı erməni qüvvələri Rusiyanın 366-cı motatıcı alayının dəstəyi ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini işğal etdi. İşğal zamanı 200-dən çox mülki vətəndaş öldürüldü.

Öldürülmüş dinc azərbaycanlıların dəqiq sayı məlum deyil. Çünki, Qarabağdakı erməni qüvvələri soyqırımdan sonra ərazini öz nəzarətləri altına alıblar. Amma 200 azərbaycanlının öldürüldüyünün qəbul olunduğu zaman, ehtimal olunur ki, 500-1000 nəfər qətlə yetirilmişdir.

* * *

“MEMORİAL” İNSAN HÜQUQLARINA NƏZARƏT MƏRKƏZİNİN HESABATINDAN

“Xocalı” 1991-ci ilin payızından Xocalı erməni silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı və daxili qoşunların Dağlıq Qarabağdan çıxarılmasından sonra Xocalı tam blokada vəziyyətinə düşdü. 1992-ci ilin yanvarından başlayaraq Xocalıya verilən elektrik enerjisi kəsildi. Sakinlərin bir hissəsi təcrid olunmuş şəhəri tərk etdi. Xocalı şəhər icra hakimiyyətinin başçısı E.Məmmədovun israrlı xahişlərinə baxmayaraq, dinc əhalinin tam evakuasiyası təşkil olunmadı. Fevralın 25-də erməni silahlı qüvvələri Xocalıya hücuma başladılar.

Hücumun iştirakçıları Artsax Milli Azadlıq Ordusunun birləşmələri zirehli texnikadan – zirehli maşınlar və tanklardan istifadə edərək hücumda iştirak etdi.

Hücumun gedişatı Fevralın 25-i gecə saat 11-də Xocalı artilleriya atəşinə tutulmağa başladı. Əvvəlcə evlərdə və postlarda qurulmuş barrikadalar dağıdıldı. Fevralın 26-sı səhər saat 1-dən 4-ə kimi quru qoşun birləşmələri şəhərə daxil oldular.

Son müqavimət səhər saat 7-də qırıldı.

Hücum zamanı Xocalıda qeyri-müəyyən sayda dinc sakin şəhərin bombardmanı zamanı qətlə yetirildi.

Əhalinin çıxması üçün “azad dəhliz” İşğal zamanı Xocalıdan qaçmış 60 nəfər arasında “Memorial” müşahidəçiləri tərəfindən Bakıda və Ağdamda sorğu keçirmişdir. Onlardan yalnız bir nəfər “azad dəhliz”in mövcudluğu barədə xəbərdar olduğunu demişdir.

Azərbaycanın Ağdam rayonu ilə qonşuluqda olan ərazidə yerləşən “azad dəhliz” boyunca qaçan qaçqınlara atəş açılmış və nəticədə çoxlu insan öldürülmüşdür.

Şəhərdə qalan sakinlərin taleyi Şəhərin erməni hərbi birləşmələri tərəfindən işğalından sonra təxminən 300 dinc sakin (86 məshəti türkü) şəhərdə qalmışdı.

Hər iki tərəfdən alınmış məlumata əsasən, Xocalı şəhərində və Ağdama gedən yolda əsir götürülmüş 700-dən çox sakin 1992-ci il martın 23-nə kimi Azərbaycan tərəfinə qaytarılmışdır. Onların əksəriyyəti qadın və uşaqlardır.

Xocalı sakinlərinin mülkiyyətinin taleyi Xocalıdan qaça bilən sakinlərin öz mülkiyyətlərinin hətta ən vacib hissələrini belə götürməyə imkanları olmamışdı. Erməni silahlı qüvvələri tərəfindən əsir götürülən sakinlər də əmlaklarından heç nə götürə bilməmişdilər.

“Memorial” İnsan Hüquqlarına Nəzarət Mərkəzinin müşahidəçiləri işğal olunmuş şəhərdə böyük talanın şahidi olmuşlar. Xocalı sakinlərinin əmlakları Xankəndi (Stepanakert) və qonşu yaşayış məntəqələrinin sakinləri tərəfindən şəhərdən aparılmışdı. Evlərin əksəriyyətinin qapılarının üzərində onların yeni sakinlərinin adları yazılmışdı.

Faktların qiymətləndirilməsi Xocalı şəhərinin dinc sakinlərinə qarşı kütləvi zorakılıq şəhərin işğalına yönəlmiş hərbi əməliyyatların həyata keçirilməsi zamanı baş vermişdi.

Xocalı sakinlərinin çoxu “azad dəhliz”dən xəbərsiz idilər.

Dinc sakinlərin “azad dəhliz” zonasında və ona qonşu ərazidə kütləvi qırğınına heç nə ilə bəraət qazandırmaq olmaz.

Müstəqil Dövlətlər Birliyinin qoşunlarının tərkibində olan 366-cı motoatıcı alay Xocalı hücumunda iştirak etmişdir.

“Memorial” İnsan Hüquqlarına Nəzarət Mərkəzi bildirir ki, Dağlıq Qarabağın erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücum zamanı dinc sakinlərə qarşı etdikləri hərəkətlər Cenevrə konvensiyalarını, həmçinin 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisinin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrini kobud şəkildə pozur:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milli mənsubiyyətindən, yaxud digər mövqeyindən asılı olmayaraq bu Bəyannamə ilə təsbit olunmuş bütün hüquqlara malikdir;

Maddə 3. Hər bir şəxs yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarına malikdir;

Maddə 5. İnsana qarşı kobud, qeyri-insani və ya təhqiredici rəftar qadağandır;

Maddə 9. Əsassız həbs, saxlama, yaxud ekspatriasiya qadağandır;

Maddə 17. Hər bir şəxs mülkiyyət hüququna malikdir və heç bir şəxs mülkiyyət hüququndan əsassız olaraq məhrum oluna bilməz.

Silahlı birləşmələrin hərəkətləri qadın və uşaqların silahlı münaqişələr və hərbi vəziyyət zamanı müdafiəsi haqqında BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Bəyannaməni kobud şəkildə pozmuşdur.

* * *

366-CI ALAY

Qeyd etmək lazımdır ki, Xocalı faciəsində iştirak edən 366-cı alay Xankəndidə yerləşirdi.

Bu alay dəfələrlə Azərbaycan kəndlərinin, Şuşa və Xocalı şəhərlərinin atəşə tutulmasında iştirak edib. Alaydan qaçan əsgərlərin ifadələri bu faktları təsdiq edir. 366-cı alayın Xankəndidən tələsik çıxması onun Xocalı hadisələrində iştirakını açıq aydın sübut edir. Bununla alay, həm də faciənin izlərini silmək istəyirdi.

366-cı alayın zabitlərinin mənəvi tənəzzülü elə bir həddə çatmışdı ki, onlar qoşunlarının çıxarılmasını həyata keçirə bilmədilər.

Gəncədə yerləşən desant qüvvələri bu əməliyyatın həyata keçirilməsinə cəlb olunmuşdu. Desantlar gəlməmişdən əvvəl isə alayın 103 əsgəri, hansılar ki, əsasən zor işlədilməsində günahlarını etiraf edən ermənilər idi, əmrə tabe olmaqdan imtina etmiş və Qarabağda qalmışdı.

Alayın ali komandanlığının razılığı və qoşunların çıxarılmasına məsulliyyət daşıyan digər ali komandirlərin hərəkətsizliyi nəticəsində zirehli texnika da daxil olmaqla alayın silahlarının bir hissəsi növbəti cinayətləri törətmək, Azərbaycana qarşı seperatizmi davam etdirmək üçün ermənilərə verildi. Bu, 366-cı alayın Xocalı faciəsinin həyata keçirilməsində iştirakını sübut edən aydın bir faktdır!

* * *

TARİX UNUTMAYACAQ!

Azərbaycan parlamenti Milli Məclis fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etdi. Hər il fevralın 26-sı axşam saat 5-də Azərbaycan Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.

Qaçqına çevrilmiş və Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasını gözləyirlər. Onlar bütün dünyadakı insanları, dövlətləri və beynəlxalq təşkilatları haqq və ədaləti qorumağa, Xocalıda həyata keçirilən terrorizm və etnik təmizləmə aktlarını pisləməyə çağırırlar.

Xocalı faciəsinin təşkilatçıları və icraçıları layiq olduqları cəzanı almalıdırlar. Heç bir cinayət cəzasız qalmamalıdır. XX əsr soyqırım və etnik təmizləmənin tarixini yazmış çoxlu sayda qanlı səhifələrin şahidi olmuşdur. Xocalı faciəsi bunların ən dəhşətlilərindən biridir. Bu dəhşətli cinayətdə əli olan hər bir kəs hər şeydən əvvəl öz vicdanı qarşısında məsuliyyət daşıyır. Lakin gün gələcək və onlar tarix məhkəməsi qarşısında cavab verəcəklər.

Tarix heç nəyi unutmur.

Bu material Azərbaycan-Böyük Britaniya Gənclər Şurasının
buraxdığı “Xocalı Faciəsi” nəşri əsasında hazırlanmışdır.


Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: