Posted by: IT Team | February 12, 2011

Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir.

Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir.
Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı rayonu erməni separatizminin, şovinizminin qurbanı olmuşdur.
Həmin gecə erməni cəlladları Xankəndidə yerləşən 366-cı alayın yaxından köməyilə Xocalıya soxulub onu tamamilə yandırdılar. Kərkicahanın, Malıbəylinin, Meşəlinin ardınca tarixdə misli-bərabəri olmayan Xocalı müsibəti baş verdi. Bu faciə XX əsrin Xatın, Sonqmi və Xirosima müsibətlərindən də acınacaqlı idi. Bu hərəkətləri ilə uzun illərdən gizli müharibəyə hazırlaşan torpaqlarımızda məskunlaşmış ermənilər XX əsrin sonlarına yaxın həmin əsrin əvvəllərində olduğu kimi, Azərbaycan xalqının bir daha qənimi olduqlarını sübut etmiş oldular. Əslində, ermənilər Xocalı şəhərinin mühasirəsinə hələ 1991-ci ilin oktyabrında başlamışdıdır. Xankəndi ilə Əsgəran arasında strateji yer olan Xocalının ələ keçirilməsi ermənilərin əsas məqsədlərindən idi. 1991-ci il oktyabrın 30-da Xocalı ilə quru əlaqəsi tamamilə kəsilmişdi və ara-sıra görünən vertolyotlar mühasirədə qalan 2500 nəfərlik Xocalını Azərbaycanla bağlayan yeganə nəqliyyat vasitəsi idi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki vertolyotun Xankəndidən atılan raketlə vurulmasından sonra Xocalı ilə hava əlaqəsinə də tamamilə son qoyuldu. 1992-ci il yanvarın 2-dən Xocalıya hətta elektrik enerjisi də verilmirdi, şəhər büsbütün təcrid olunaraq taleyin ümidinə buraxılmışdı. Fevralın ikinci yarısından etibarən Xocalı dörd bir yandan erməni yaşayış məntəqələrindən intensiv artilleriya atəşinə məruz qalırdı. Şəhərin mühasirədən çıxarılması üçün kağız üzərində çeşidli planlar cızılsa da, onların heç biri gerçəkləşdirilmirdi.

Həmin dövrdə hakimiyyətdə olan rejimin Qarabağı qorumaq bacarığına malik olmadığı qabarıq görünürdü. Üstəlik silahlı qüvvələr siyasi intriqaların güdazına verilmişdi. 1992-ci il yanvarın sonu – fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalına ölkə rəhbərliyinin göstərdiyi biganəlik Xocalıya münasibətdə də aşkar idi. Güc nazirliklərinin tez-tez dəyişdirilməsi hərbi uğursuzluqların əsas səbəblərindən birinə çevrilmişdi. Xocalının müdafiəsi üçün mərkəzi hakimiyyət səviyyəsində planlı tədbirlərin həyata keçirilməməsi son nəticədə ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız qətliamına şərait yaratmış oldu.

Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahlarla döyüşən xocalılılar təpədən- dırnağadək silahlanmış orduya qarşı uzun müddət tab gətirə bilmədilər. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdu. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildi. Yaşayış evləri dağıdılaraq yandırıldı, şəhəri tərk etmək məcburiyyətində qalan, Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni silahlıları ilə qarşılaşdı: uşaqlar, qadınlar, qocalar, əlillər çalın-çarpaz atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid – Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu. 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü. Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işgəncə verildi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdı.

Xocalıda baş verənlər soyqırımı aktı olsa da, o zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələrin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən erməni vandalizminin gerçək mahiyyəti barədə dünya ictimaiyyəti yetərincə məlumatlandırılmamışdı. Rəsmi təbliğat Xocalıda cəmi iki nəfərin öldüyünü iddia etməklə soyqırımı faktının miqyasını kiçiltmişdi. O zamankı ölkə rəhbərliyinin bu faciəyə olduqca laqeyd və qətiyyətsiz münasibəti nəticəsində ermənilərin işğalçılıq, etnik təmizləmə, terrorçuluq, habelə Xocalı soyqırımı kimi dəhşətli cinayət törətməsinə dünya ictimaiyyəti biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün beynəlxalq səviyyədə hansısa təsirli tədbirlər görülməmişdir.

BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın həmin dövrdə bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla Xocalıda baş verən faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər həyata keçirməməsi də olduqca üzücü və təəssüfləndirici faktdır. Halbuki beynəlxalq hüquqa görə genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində isə qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin məhz soyqırımı adlandırılmasına tamamilə imkan yaradırdı. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər – həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırım kimi tövsif edilməsinə əsas verir. Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə qalmır. Həmin gün mənfur erməni silahlı birləşmələri Xocalı əhalisini məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular.

Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranılması, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.

Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində “İnsan hüquqları haqqında Ümumi Bəyannamədə”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.

1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Halbuki artıq Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi. Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübuta yetirmək üçün təbliğat maşınını tam gücü ilə işə salaraq “Sumqayıt olaylarını” dünyaya bəyan etdilər. Biz isə yaşadığımız gerçək qətliamı dünyanın önünə çıxarmağa tələsmirdik. Hətta 1993-cü il fevralın 23-də imzalanmış “Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında” fərman da kağız üzərində qalmışdı.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ümummilli liderimiz ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.

Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son 17 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.

Ümummilli lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən matəm tədbirlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndərimiz hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev eyni zamanda Azərbaycanımızın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Azərbaycan Respublikası Milli Məclisinin 26 fevral 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı”nda isə bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.

Yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarmışdır. Hadisələr göstərir ki, bu gün erməni millətçiləri hələ də özlərinin bədnam və çirkin niyyətlərindən əl çəkməyiblər. Qəddar üsullarla dinc insanları kütləvi qırğına məruz qoyan erməni millətçiləri tarix qarşısındakı cinayətlərini ört-basdır etmək məqsədilə müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa əl atır, öz xeyirlərinə yazmağa cəhd edir, bu işdə xaricdəki erməni lobbisinə arxalanırlar.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmalıdır.

S.Mustafayev,
“Azərbaycan”, 26.02.2009.

 


Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: